Bakıda Yeni İl Kitab Sərgisi açılıb

  • 17 Dekabr 2021
  • 45

Bakı İdman Sarayının əsas zalında Yeni İl kitab sərgisi açılıb. 15 dekabr tarixindən etibarən hər gün 10:00-19:00 arasında fəaliyyət göstərən sərgiyə müstəqil nəşriyyatlar və kitab mağazaları qatılıb.

“Alıcılıq qabiliyyəti dünən yaxşı idi, bu gün daha yaxşıdır, sabah isə daha da yaxşı olacaq!"

Bu sözləri “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sərgi haqqında fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, film, musiqi festivalları kimi kitab sərgiləri də olmalıdır.

“Belə sərgilər çox faydalıdır. Bu, tədricən vərdiş halını alır. İnsanlar başa düşür ki, Bakıda kənd təsərrüfatı məhsullarından savayı, kitab sərgiləri də keçirilməlidir. Bu, cəmiyyətimiz üçün faydalı və mədəni bir hadisədir. Bu tip sərgilər davamlı olmalıdır.”

Ş. Xuduoğlu keçirilən sərginin Azərbaycan kitab bazarına təsirini dəyərləndirib. O, qeyd edib ki, kitab bazarı gündən-günə genişlənir.

“Bir əvvəlki yarmarkada 50 min kitab satışa çıxarılmışdısa, bu sərgidə sözügedən say 100 minə bərabərdir. Bundan başqa, bu sərgidə daha çox nəşriyyat evi müşahidə olunur. Hətta Gəncə şəhərində fəaliyyət göstərən nəşriyyat evi də burada iştirak edir. Həmçinin, həmin nəşriyyatlar tərəfindən kitablara endirim edilərək, müştərilərə sərfəli qiymətlər təklif olunur. Nəşriyyatlar başa düşür ki, kitab satmaqla həm fərqli oxuyucu kütləsini cəlb edirlər, həm də daha çox müstəqil olurlar. Azad bazar olmadan da hər hansı sahə inkişaf edə bilməz. Həmin azad bazar da bu sərgidə formalaşır.”