"Black Friday" nədir?

  • 26 Noyabr 2021
  • 163

“Black Friday” Amerika Birləşmiş Ştatlarında başlayan və hər il noyabrın son cümə günü insanların şəhər mərkəzlərində ailələri ilə alış-verişə getdiyi bir ənənədir. Sözügedən gün mümkün qədər çox müştəriyə məhsul satmaq istəyən şirkətlər bir-biri ilə yarışır. Dilimizə tərcümədə “Qara cümə” adlanan noyabrın son cümə gününün əvvəllər heç bir adı yox idi. Rəsmi bayram olmayan sözügedən günün “qara” adlandırılmasının səbəbi 1960-cı illərdən başlayır. Əvvəllər həmin gün ABŞ-da ərzaq mağazaları panjurlarını erkən açır və gec saatlara qədər müştərilərinə xidmət etməyə davam edirdi. Lakin sonradan bu gərgin iş tempinə endirim kampaniyaları da əlavə olunmağa başladı. Endirim kampaniyalarının tətbiqi ilə alış-verişə tələbatı da artırdı. Beləliklə, həmin gün dükanların havanın işıqlanmadan açılması və hava qaralmadan bağlanmaması, eləcə də alış-veriş küçələrində ağır nəqliyyat vasitələrinin və insan axınının gündəlik həyata təsir edən mənfilikləri günün “qara” adlandırılmasına səbəb olur.

1961-ci ildə ortaya çıxan “Qara cümə” termini və onun istifadəsi 20 ildən sonra fərqli bir məna qazandı. İllər keçdikcə digər bölgələrdə də istifadə olunmağa başlayan bu termin bir müddət sonra pərakəndə satış şirkətlərinin endirimlər etdiyi günə çevrildi. Daha sonra isə internet alış-veriş saytlarının tətbiqi ilə ABŞ-da baş tutan bu endirim günü əvvəl Kanada və İngiltərəyə, sonra isə bütün dünyaya yayıldı. Beləliklə, “Qara cümə” beynəlxalq endirim gününə çevrildi və bütün dünyada qəbul olundu. Sözügedən gün qlobal miqyasda tətbiq edilən nadir nümunələrdən biridir.

Xüsusilə son illər ölkəmizdə də Covid-19 tədbirlərinə baxmayaraq, sözügedən gün bəzi mağazalarda müxtəlif tədbirlər keçirilir və böyük maraqla qarşılanır. Təbii ki, bu hadisələrin ABŞ-dakı qədər geniş olduğunu deyə bilmərik. Ancaq yenə də normal vaxtdan daha çox endirimlərin olduğunu söyləmək olar. Bu il “Qara cümə” noyabrın 26-na düşəcək.