Diş fırçası seçərkən nələrə diqqət etməliyik?

  • 2 Noyabr 2021
  • 32

Dişləri diş pastası ilə təmizləmək üçün diş fırçasından istifadə edilir. Diş fırçaları adi, elektrikli və ultrasonik olmaqla, müxtəlif versiyalarda mövcuddur. Adi diş fırçaları da öz növbəsində 3 növə bölünür: yumşaq, orta-sərt, sərt.

Stomatoloqlar bildirir ki, sağlam dişlərə sahib olmaq üçün onları doğru diş fırçası ilə təmizləmək lazımdır. Amma insanlar hər gün istifadə etməli olduğu diş fırçaları haqqında çox az məlumata sahibdirlər. Məsələ ilə bağlı stomatoloq Elşən Tağıya müraciət etdik. O, bildirdi ki, diş fırçalarını elə seçməliyik ki, həmin fırçanın tükləri diş məsamələrinə daxil ola bilsin:

“Diş fırçalarının seçilməsi insanlara görə individual olaraq dəyişir. Əgər damağımızda problem varsa, yumşaq fırçalarına üz tutmalıyıq. Ağız boşluğumuzda heç bir problem olmadığı halda orta-sərtlikdə fırçalardan istifadə etmək daha uyğun hesab olunur. Sərt diş fırçalarını isə adətən tövsiyyə etmirik. Çünki dişin mina qatını zədələyir.”

E.Tağı həmçinin adi, elektrikli və ultrasonik diş fırçalarını müqayisə edib:

“Elektrikli diş fırçaları dişin bütün məsamələrinə çata bilir. Normal fırçalara görə daha effektivdir. Amma ən effektiv dış fırçaları ultrasonik fırçalardır. Çünki biz qidalandıqdan sonra dişlərimizin dibində qida qalıqları qalır. Bu qida qalıqları axşamdan səhərə qədər dişlərimizdə qalanda kristallaşmağa başlayır. Bu kristallar isə sonradan diş daşına çevrilir. Ultrasonik diş fırçaları həmin kristalları tamam təmizləyə bilir. Bunu adi və elektrikli diş fırçaları edə bilmir."