Ev heyvanları

  • 8 Dekabr 2021
  • 184

Ev heyvanları evimizin sevimli və əyləncəli varlığıdırlar. Kiçik və tüklü dostlarımız ilə bir evi paylaşmaq gündəlik həyatımızı daha maraqlı edə bilər. Amma ev heyvanı saxlamaq ciddi məsuliyyət tələb edir. Ona görə də ev heyvanı saxlamağa qərar vermədən əvvəl yaxşı araşdırma aparmaq çox vacibdir.

“Natəmizlik və ətrafdakı digər insanları narahat etməmək adına qanunlarımıza əsasən, 1 it, 2 pişik saxlamağa icazə verilir.”

Bu sözləri baytar Rəşad İsmayılov ev heyvanları saxlamaq istəyən insanlar üçün fikirlərini bölüşərkən deyib. O, bildirib ki, evdə heyvan saxlamağın hər hansı mənfi tərəfi yoxdur. Yetər ki, onun ehtiyaclarını - yeməyini, vaksinini, dərmanlarını qarşılamaq mümkün olsun:

“İt və pişiklər il ərzində bir dəfə vaksinasiya olunmalıdır. Hər 3 ay ərzində bir dəfə qurd xəstəliyi əleyhinə dərmanlar verilməli, hər 6 ay ərzində isə “chek-up” müayinədən keçirilməlidir. Şərt deyil ki, bu proses aparatlar vasitəsilə baş tutsun, ən azından həkim konsultasiyasından keçirilməlidir.”

R.İsmayılov körpə heyvanlar üçün peyvəndin daha əhəmiyyətli olduğunu qeyd edib:

“Dünyaya gəlməsindən 6 ay müddətindən daha az zaman ötən heyvanlar isə ilk 2 ay ərzində həkim nəzarətindən keçməli, 1 ay ərzində isə qurd xəstəliyi əleyhinə dərmanlar qəbul etməlidirlər. Bundan başqa, anadan olmasından 57-60 gün keçəndən sonra peyvənd olunmalıdırlar. 87-90 gün ərzində ikinci doza peyvənd, sonra isə dövri peyvənd vurulmalıdır. Qurd dərmanı isə 21-28 gün arası verilməlidir. Böyüdükdən sonra isə bu müddət biraz daha uzanır.”