Gözlərimizi yoran şüalardan necə qorunaq?

  • 11 Noyabr 2021
  • 19

Elektron cihazlar gündəlik həyatımızın ayrılmaz parçasıdır. İstər iş, istər təhsil, istərsə də əyləncə üçün rəqəmsal mediaya müraciət edirik. Buna görə də zamanımızın əksər hissəsini kompüter, televizor, planşet və telefon kimi cihazların ekranlarına baxmağa vaxt sərf edirik. Texnoloji vasitələrin həyatımıza sürətlə inteqrasiya olunması sağlımlığımızdan yan keçməyib. Belə ki, sözügedən cihazlar xüsusilə göz sağlamlığımızı ciddi təhdid edir.

Göz xəstəlikləri ilə bağlı saytımıza müsahibə verən oftalmoloq Aygün Nəbiyevanın sözlərinə görə, elektron cihazların ekranlarına baxanda gözümüzdə qırpmaların sayı azalır:

“Ekran qarşısında əyləşən şəxs hər 20 dəqiqədən sonra 20 saniyə ərzində, 20 addım aralıda olan sabit bir cismə baxmalıdır. Bu, gözümüzdəki qırpmaların sayını normal vəziyyətinə qaytarır və göz yorulmasına müəyyən qədər çarə olur. Bundan başqa, qoruyucu eynəklərdən, nəmləndirici göz damcılarından istifadə olunması şüaların fərdi təsirindən qoruyur.”

A. Nəbiyeva göz müayinəsi üçün həkimə müraciət etməyin gözün vəziyyətindən asılı olaraq dəyişdiyini qeyd edib:

“Sağlam gözlərə sahib olan şəxslər il ərzində bir dəfə həkim nəzarətindən keçməlidir. Məsələn, uzağı zəif görmə şikayəti olan şəxslər hər 6 ay ərzində bir dəfə həkim müayinəsində olmalıdır. Bundan başqa, yaş dövrü də rol oynayır. Məsələn, çəpgözlük şikayəti olan uşaqlara 3 ay ərzində bir dəfə müayinə edilməlidir. 40 yaşını tamamlamış şəkərli-diabet xəstələrinə də 3 ay ərzində həkim nəzarəti lazımdır.”