Loqopediya nədir?

  • 15 Dekabr 2021
  • 72

Danışmaq, ünsiyyət qurmaq insanın ən ibtidai ehtiyaclarından biridir. İnsanlar danışmaq və danışılanları başa düşmək qabiliyyətinə malik fərdlər kimi dünyaya gəlir, amma bəzi tibbi problemlər bu qabiliyyətin istifadəsinə mane olur.

“Loqoped birbaşa olaraq nitq qüsurları ilə məşğul olur.”

Bu sözləri loqoped Aytən Aslanova loqopediya elmi haqqında fikirlərini bölüşərkən deyib. O, bildirib ki, cəmiyyət loqopediya elmi haqqında az maariflənib, amma son illərə nəzər salanda vəziyyət biraz daha müsbətə doğru dəyişib:

“Əvvəllər uşaqlar nitq cəhətdən ləngiyəndə 5 yaşına qədər həll yollarına müraicət edilmirdi. Təəssüf ki, ailələr sözügedən problemi qəbullana bilmirdilər deyə loqopedə müraciət etməkdən də çəkinirdilər. Keçmişdə nitq ləngiməsi olsa da, uşaqların sosial mühiti daha sağlam idi. Onların həmyaşıdları ilə vaxt keçirməsi nitqinə müsbət təsir göstərə bilirdi. İndiki uşaqlar isə vaxtının əksər hissəsini telefon, televizor, planşet kimi elektron vasitələrlə keçirir, bu da onların nitq inkişafının ləngiməsinə təkan verir. Cəmiyyətinin əksər hissəsi azuşaqlı ailələr olduğu üçün vəziyyət daha da acınacaqlı hal alıb. Belə olduğu halda isə uşaqlar sosial mühitə adaptasiya ola bilmirlər. Bəzi uşaqlar hətta 4 yaşına çatsalar da, fikrini qarşı tərəfə ifadə etməyi bacarmırlar. Bu kimi məsələlərin olması onların psixologiyasının sarsılması ilə nəticələnir və nitq inkişafı ilə yanaşı psixoloji inkişafdan da geri qalırlar. Uşaqlar 3 yaşından etibarən suallar ünvanlayaraq ətraf aləmi kəşf edirlər. Aldıqları cavablar əsasında isə onlarda sözlər, cümlələr formalaşır və fikirlərini ifadə etməyə başlayırlar. Nitq ləngiməsi olan uşaqlar isə ətraf aləmi kəşf edə bilmir deyə psixoloji olaraq da geriyə düşürlər. Loqopedə 5 yaşında müraciət ediləndə uşaqlar məktəbə adaptasiya prosesində təlim-tədrisi qavramamaq, oradakı həmyaşıdları ilə ünsiyyət quramamaq kimi bir çox problemlərlə qarşılaşırlar.”

Loqopediya elmi haqqında məlumatsız olan valideynlərin loqopedin həkim olduğunu zənn etdiklərini bildirən A.Aslanova qeyd edib ki, ailələr müraciət ünvanlayarkən ilk olaraq qaranti istəyirlər, sonra isə uşağın nə zaman ünsiyyət qurmağa başlayacağını soruşurlar:

“Onlar düşünür ki, uşaqlarına dərman və ya 10-15 günlük kurs yazılacaq. Beləliklə, nitqin ləngiməsi problemi həll olacaq. Loqopediya pedaqoji prosesdir. Əgər uşağın nitqinin ləngimə səbəbi onun beynindən qaynaqlanırsa, o zaman uşaqlar nevroloqa yönləndirilir. Bu ikisi tam fərqli prosesdir: biri tibbidir, biri isə pedaqoji.

Ünsiyyət qurmağa başlamaq fərdlərdən asılı olaraq dəyişir. Bəzən 10 dərs ərzində, bəzən isə 3-6 ay arası müsbət nəticələr əldə edirik. Səhv tələffüs üsulu ilə nitqi ləngiyən uşaqla auitizmli uşağın nitqində olan ləngiməni bir tuta bilmərik. Yenə təkrarlayıram, bu proses fərdlərdən asılı olaraq dəyişkəndir.”