Üzümüzü həbs edən sızanaqlar

  • 4 Noyabr 2021
  • 13

Dəridəki civzələr və sızanaqlar tez-tez rast gəlinən dəri xəstəliklərindən biridir. Sızanaqlar, civzələr əksəriyyətin, xüsusilə də gənclərin baş bəlasına çevrilib. Civzələr yetkinlik çağı xəstəliyi olaraq qəbul edilsə də, bütün yaş qruplarında da özünü göstərə bilər. Problemi aradan qaldırmaq üçün sızanaqların yaranma səbəblərini öyrənmək lazımdır.

Sızanaqların nədən qaynaqlandığına dair kosmetoloq Pakizə Abbasovanın fikirlərini öyrəndik. O, civzələrin yaranma səbəbini geniş şərh edib:

Üzdəki cilzələrin səbəbi ilk növbədə dəriyə düzgün qulluq olunmamasıdır. Bundan başqa, bu problem yaş həddi ilə bağlı da ola bilər. 10-15 yaş arası cavanlarda üzdə sızanaqların çıxması prosesi daha mütamadi başa verdiyi müşahidə olunur. Çünki həmin vaxt bədəndə hormonal status dəyişir. Testosteron hormonunun həddindən artıq israfı üzdəki yağlılığın artması ilə nəticələnir. Ümumiyyətlə, normal hallarda əksər problemlər orqanizimdə baş verən proseslərdən qaynaqlanır. Amma hormonal status yerində olan və yetkinlik yaşına çatmış şəxslərdə yenə də bu problemlərlə qarşılaşa bilirik. Səbəb isə problemin genetik olmasıdır. Yəni pasiyentin valideynlərindən ən azı biri bu problemi daha əvvəl yaşayıb. Artıq sübut olunub ki, akne xəstəliyi genetikdir. Yəni problemin yaranmasına endokrin sistemi səbəb olmaya bilər. Bundan başqa, bir digər səbəb də dərinin çox yağlı olması və ya düzgün qulluq olmamasıdır. Düzgün sıxılmayan bir civzə üzdə bakteroloji mühitin yayılması ilə nəticələnə bilər. Üzdə sızanaqların yaranmasına başqa səbəb kimi gigiyenik qaydalara riayət etməməyi də göstərmək olar. Məsələn, salonlarda və ya başqa yerlərdə dəriyə qulluq üçün istifadə edilən ləvazimatların tam təmizlənməməsi və bu səbəbdən bir insandan digərinə bakteriyaların keçid etməsi civzə problemini yaradır.

Civzə yarandığı halda pasiyentin analizinə və yaşına diqqət edilir. 10-15 yaş aralığında olan pasiyentlərin üz nahiyəsinə müdaxilə etməklə, bu civzələr qurudulmağa çalışılır. Bunun üçün üzə vurulan maskalardan, müalicəvi kremlərdən istifadə olunur. Çünki bu civzələr müvəqqəti xarakter daşıyır. Əgər analizlərin nəticəsində pasiyentdə ciddi problemlər olduğu müəyyən olunsa, o zaman kasmetoloqa deyil, bu problemi aradan qaldıracaq mütəxəssisə müraciət etmək lazımdır. Məsələn, ginekoloji problemdirsə, bu zaman kosmetoloqilə ginekoloq paralel olaraq işləməlidir. İlk növbədə daxildə olan problem həll edilir, sonra kosmetoloq müalicə təyin edir.

Üzdəki civzələr stress fonunda da yarana bilər. Bu stress müəyyən hormon balansını qaldırır. Belə olan halda stress qaynağını müəyyən edib, aradan qaldırmaq lazımdır. Bu zaman yüngül müalicələr almaq, əsəb sistemini sakitləşdirmək lazımdır. Yalnız bundan sonra müəyyən müalicələr təyin olunur.