Yuxusuzluq probleminin səbəbləri, həll yolları

  • 14 Dekabr 2021
  • 50

İnsanın ümumi sağlamlığını və həyat keyfiyyətini hər gün yeniləməsi üçün tənəffüs, su və qida kimi orqanizmin əvəzolunmaz ehtiyaclarından biri də yuxudur. Yuxu insanın enerji səviyyəsini, əhval-ruhiyyəsini və iş performansını əhəmiyyətli dərəcədə müəyyən edən mühüm amillərdən biridir. Bundan başqa, rahat və keyfiyyətli yuxu bədənə güc verməklə yanaşı, həmçinin də insana psixoloji cəhətdən ruh yüksəkliyini təmin edir. Bu səbəbdən kifayət qədər keyfiyyətli yuxuya sahib olmaq hər insanın həm sağlamlığını qorumaq, həm də gün ərzində tələbatlarını ödəməsi üçün zəruridir. Yuxu həyatımızın üçdə birini əhatə edən aktiv bir dövrü olsa da, bir çox insan yuxusuzluq problemi ilə üzləşir və yata bilməməkdən şikayətlənir. Yuxu pozğunluğu demək olar ki, hər yaşda müşahidə edilən əhəmiyyətli bir sağlamlıq problemidir və insanların gündəlik həyatına mənfi təsir edir. Bundan başqa, yuxusuzluq istehsalat və yol-nəqliyyat qəzalarına səbəb ola biləcəyi üçün fərdin özündən savayı olaraq, ictimaiyyətə də mənfi təsir göstərən məsələdir. Beləliklə, yuxusuzluqdan şikayətlənən, əziyyət çəkən, yuxusuzluğun səbəblərini və həll yollarını axtaranlar kifayət qədərdir.

ALSAT.az məsələ ilə bağlı olaraq, nevroloq Leyla Şahbazovaya müraciət edib. O, yuxusuzluğun son dönəmin ən yayğın problemlərindən biri hesab olunduğunu bildirib:

“Əgər pasiyent 3 ay müddətində həftənin 3 günü yatmaq ilə bağlı olaraq problem yaşayırsa, həmçinin gecə yatarkən tez-tez oyanırsa, o zaman yuxusuzluq probleminin olduğunu deyə bilərik. Yuxusuzluq problemi özünü adətən gün içində yorğunluq, əsəbililk, konsantrasiya əskikliyi, yaddaş problemləri, unutqanlıq, həyacan, təşviş halları ilə büruzə verir. Səbəbləri isə bəzi dərman preparatlarının istifadəsi, depressiya, psixoloji problemlər, xroniki stress və s. ola bilər.”

L.Şahbazova yuxusuzluq probleminin aradan qaldırılması üçün saat 23:00 ilə 01:00 arasında yuxuya getməyi məsləhət görüb:

“İnsan melatonin hormonu sayəsində yuxuya gedir. Həmin hormonun yaranmasının pik həddi sözügedən saatlar hesab olunur. Yuxusuzluq probleminin aradan qaldırılması üçün həmin vaxtlarda yatmağa çalışmaq tövsiyyə edilir. Eyni zamanda yuxudan bir saat əvvəl telefon, televizor kimi texoloji vasitələrdən az istifadə etmək lazımdır. Çünki “mavi ekran” beynin bəzi hissələrini qıcıqlandıraraq, melatonin hormonunun ifrazını zəiflədir və bu da yuxusuzluq ilə nəticələnir. Bundan başqa, otağın sərin olması və yatmazdan əvvəl duş almaq rahatlıq verdiyi üçün məsləhətdir. Əgər bütün bu üsullar kifayət etmirsə və səbəb psixoloji narahatlıqdırsa, o zaman psixoterapistə müraciət edib, mütəxəssis tərəfindən dərman terapiyasına başlanıla bilər.”